Stalini “müdrik lider” kimi görənlər

Josef Stalin

Rusiyada keçirilən bir rəy sorğusunda respondentlərin 57 faizi sovet diktatoru Josef Stalin-i “Sovet İttifaqını qüdrət və rifaha aparan müdrik lider” kimi gördüklərini deyiblər.

Sorğunu 23-27 mart tarixlərində Levada mərkəzi keçirib və nəticələr aprelin 10-da açıqlanıb.

2016-cı ilin martında keçirilmiş oxşar sorğuda Stalin-in reytinqi təxminən belə idi. Bu göstərici 2008-ci ildən bəri artmaqdadır, o zaman respondentlərin 50 faizi ona müsbət baxdığını dilə gətirmişdi.

Stalin-in müdrik lider olmasına nə dərəcədə inanmalarına gəlincə, 20 faiz “tamamilə”, 37 faiz “böyük ehtimalla” bu fikirlə razılaşdığını, cəmi 8 faiz heç razılaşmadığını deyib.

44 faiz respondent isə Stalin-i “milyonlarla günahsız insanın ölümünə görə cavabdehlik daşıyan qəddar, amansız tiran” hesab etdiyini söyləyib. 2016-cı ildə 62 faiz, 2012-ci ildə 66, 2008-ci ildə isə 68 faiz belə düşünürdü.

Tarixçilər və Kremlin tənqidçiləri deyirlər ki, Vladimir Putin-in prezidentliyi dövründə hakimiyyət Stalin-in cinayətlərinin əhəmiyyətini azaltmağa çalışır.