Freedom House Azərbaycanı 'oturuşmuş avtokratiya' sayır - YENİLƏNİB

Freedom House "Keçid ölkələri" hesabatı

Postkommunist Avropası və Avrasiyasında yeni norma yayılıb – hökumətlər müstəqil qurumlara və vətəndaş cəmiyyətinə nifrət edir, siyasi müxalifətə və müstəqil mediaya hücum olunur, hakim partiyanın dövlətə qarışmasından ötrü fasiləsiz cəhdlər edilir. Bunu ABŞ-da mənzillənən Freedom House insan haqlarını müdafiə təşkilatı yeni hesabatında bildirir.

Qurum illik “Keçid Ölkələri” (Nations in Transit) hesabatını yayıb. Builki hesabat “Antiliberalizmlə Mübarizə” adlanır.

Sənəddə bildirilir ki, Macarıstan və Polşa kimi ölkələrdə antiliberal siyasətin yayılması regionun əsaslarını, demokratik perspektivlərini eybəcər hala salıb.

***Buna da bax: Azərbaycan 'azad olmayan' ölkə sayıldı – reaksiyalar

Bunu uzun müddət idi Rusiya, Orta Asiya, yaxud Belarusda müşahidə edirdik. Ancaq getdikcə Mərkəzi Avropada – Macarıstan və Polşada da artdığını görürük. Bunun artıq institutların səviyyəsinə təsir göstərdiyini də görməyə başlayırıq. Ən dramatik dəyişikliklər Polşada baş verir”, – hesabatın layihə direktoru Nate Schenkkan AzadlıqRadiosu-na deyib.

“OTURUŞMUŞ AVTOKRATİYALAR”

Dəyərləndirilən 29 ölkədən 19-nun demokratiya balları aşağı olub. Bu, layihənin 23 illik tarixi boyunca ən kəskin düşüşdür. Artıq ikinci ildir ki, möhkəmlənmiş avtoritar rejimlərin sayı möhkəmlənmiş demokratiyalardan yüksək olub.

Türkmənistan “Avrasiyanın oturuşmuş avtokratiyaları” qrupunda liderdir, regionda ən pis göstəriciləri olan ölkə sayılır. Hesabatda bildirilir ki, on illər boyunca davam edən “avtoritar idarəçilik, biabırçı korrupsiya və meqalayihələrə aşırı xərclər” Türkmənistanı hərtərəfli iqtisadi böhrana sürükləyib.

Bu qrupa Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistan daxildir. Azərbaycanın demokratiya balının 6,93 olduğu bildirilir. Dəyərləndirmədə ən demokratik ölkələr 1, ən qeyri-demokratik olanlar isə 7 bal yığıb.

“AİLƏNİN DÖVLƏTƏ NƏZARƏTİ GÜCLƏNİR”

Hesabatda vurğulanır ki, Azərbaycanda avtoritarizm 2017-ci ildə daha da möhkəmlənib. Belə ki, dövlət aparatı ifadə azadlığını məhdudlaşdırmaq, ölkə içi və xaricdəki tənqidçiləri susdurmaq, siyasi məqsədlə azlıqlara təzyiqləri artırmaq yönündə misli görünməmiş addımlar atıb. “Ehtiyac duyulan iqtisadi və hökumət islahatlarını gerçəkləşdirməkdənsə, hakim elita zəifləyən iqtisadiyyata hökumət tənqidçilərinin susdurmaqla, azalan dövlət resursları üstündə pərdəarxası savaş aparmaqla, büdcə vəsaitlərini beynəlxalq lobbiçiliyə xərcləməklə cavab verib”, – qurumun əməkdaşı Mike Runey yazır.

Azərbaycan bircə yerli demokratik idarəçiliyə görə 6,50 bal toplayıb. Milli demokratik idarəçilik, seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, məhkəmənin müstəqilliyi və korrupsiya indeksləri 7-dir. Ortalama demokratiya balı isə 6,93-dür. Ötən illə müqayisədə irəliləyiş, yaxud geriləmə qeydə alınmayıb.

***Buna da bax: Prezident: 'Mümkün olan işlər maksimum görülüb'

Prezident İlham Əliyev ailəsinin dövlətə nəzarətini daha da gücləndirib, həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməklə onu hakimiyyət sıralamasında birinci yerə gətirib. Əliyevlər ailəsinin iqtisadi və siyasi həyata nəzarətinin miqyası əvvəllər şişirdilsə də, bu təyinat Əliyevlərin son illər iqtisadiyyat və siyasətə nəzarətini ciddi gücləndirdiyini göstərir. Artıq dövlətin bu cür təcəssümü fəsadlar verməkdədir: müstəqil media orqanları hesab edirlər ki, martda onların vebsaytlarına genişmiqyaslı hücumlar və sonucda tamamilə bloklanmalarına, Əliyevanın bu media orqanlarının onun təyinatını işıqlandırmalarından narazılığı səbəb olub”, – hesabatda deyilir.

SƏYLƏR NƏTİCƏSİZ QALIR

Sənəddə qeyd olunur ki, dövlət hakimiyyəti hakim ailənin əlində cəmləşdikcə Azərbaycan xarici təzyiqə daha az reaksiya verir, demokratik azadlıqların saxlanmasının da qeydinə qalmır. Birinci ildir ki, Novruz bayramına görə siyasi məhbuslar azadlığa buraxılmadı, xarici diplomatların hətta kiçik güzəştlərə nail olmaq cəhdləri nəticəsiz qaldı. Məsələn, onlar hüquqşünas, keçmiş siyasi məhbus İntiqam Əliyevin müalicə üçün xaricə getməsinə nail ola bilmirlər. Ancaq eyni zamanda Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin ötən il vergi ittihamları ilə saxlanması və bir neçə həftədən sonra buraxılması müsbət hal kimi göstərilir.

Hesabatda ötən avqustda Azərbaycan elitası arasında korrupsiyanın beynəlxalq media başlıqlarında yer aldığı vurğulanır. “Azərbaycanın paltaryuyan maşını” adlı araşdırma iki il ərzində 2,9 milyard dolların xarici şirkətlər vasitəsiylə lobbiçilik işlərinə xərcləndiyini, beynəlxalq qurumlarda mövqeləri saxlamaqdan ötrü avropalı siyasətçilərə rüşvət verildiyini üzə çıxarmışdı.

Sənəddə bu il üçün proqnozlar da yer alıb. Prezident seçkisinin bank defoltları, maliyyə böhranının qalıcı təsirləri, korrupsiya iddiaları ilə bir arada keçirildiyi qeyd olunur. “Bu faktorlara görə hökumət seçki vaxtı həmişəkindən daha artıq itaətsizlikdən əndişələnə bilər”, – müəllif yazır.

“İctimai təzyiq artarsa, hökumət 2016-cı ildə etdiyi kimi, Ermənistanla Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqla ictimai dəstəyi ətrafına cəmləyəmə çalışa bilər. Ancaq müşahidəçilər seçki ilinin adətən dinc keçdiyini də vurğulayırlar”, – sənəddə qeyd edilir.

DİGƏR ÖLKƏLƏR

Azərbaycan hakimiyyət bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.

***Buna da bax: Freedom House 2018: Demokratiya bütün dünyada geri çəkilir…

Hesabatda deyilir ki, struktur islahatların çatışmazlığı və Ukraynanın Krım vilayətini ilhaq etməsi üzündən qoyulan beynəlxalq sanksiyalar Rusiyanı “iqtisadi çöküş”lə qarşı-qarşıya gətirib.

Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstan regionda avtoritarizmə sürüklənmə riski böyük olan ölkələr kimi sadalanır.

Hesabata görə, Ukraynada fundamental islahatlar pəncərəsi qapanmasa da, antokorrupsiya islahatlarına siyasi dirəniş, vətəndaş cəmiyyətinə və mediaya hücumlar 2014-cü ildən bəri ilk dəfə olaraq ölkənin demokratiya balını salıb.

Freedom House son bir ildə Makedoniya və Özbəkistanda müsbət dəyişikliklərin baş verdiyini vurğulayır.