Kilsəyə hücuma görə 36 nəfər ölümə məhkum edildi

Kopt xristianlarının dəfni, may, 2017-ci il

Aprelin 10-da Misirdə hərbi məhkəmə 36 nəfəri ölümə məhkum edib. Onların kopt xristian kilsələrinə üç hücumda iştirak etdikləri bildirilir. Həmin hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürmüşdü.

2017-ci ilin aprelində iki kilsədə törədilmiş intiharçı hücumlarında 46 nəfər öldürülmüşdü.

2016-cı ilin dekabrında kilsəyə hücumda isə 28 nəfər həlak olmuşdu.

Bu cinayət işləri üzrə cəmi 48 təqsirləndirilənə terrorçu qrupa qoşulma və ona rəhbərlik, dövlət qurumlarının işini pozma, milli birlik və təhlükəsizliyə ziyan vurma ittihamları irəli sürülüb.

Ölüm cəzalarını Misir Hərbi Cinayətlər Məhkəməsi çıxarıb, ona Böyük Müfti rəy verməlidir, ancaq həmin rəyin hüquqi qüvvəsi yoxdur.

2013-cü ilsə Misir ordusu islamçı prezident Mohammad Morsi-ni devirib. O vaxtdan ölkədə kilsələrə, digər obyektlərə bir sıra silahlı hücumlar olunub. Morsi ölkənin demokratik yolla seçilmiş ilk prezidenti idi.

Bir sıra silahlı qruplar Misirin kopt xristian azlığını ordunu dəstəkləməkdə ittiham edir.