Rusiyayla Misir hava əlaqəsini bərpa edir

Sinay yarımadasında yaraqlılara qarşı əməliyyat, arxiv fotosu

Aprelin 11-də Rusiyayla Misir arasında birbaşa hava reysinin bərpa olunacağı gözlənir. Hava əlaqəsi iki ildən çox idi kəsilmişdi. Səbəb 2015-ci ildə Sinay yarımadasında Rusiya çarter təyyarəsinin partladılması idi. Həmin hücumda təyyarədəki 224 nəfərin hamısı həlak olmuşdu.

Bu hadisədən sonra Moskvanın uçuşları qadağan etməsi turizmdən xeyli dərəcədə asılı olan Misir iqtisadiyyatına güclü zərbə vurdu.

Aprelin 11-də axşam Aeroflot-un təyyarəsi Moskvanın Şeremetyovo aeroportundan Qahirəyə yola düşəcək. Onun 120 sərnişin aparacağı gözlənir.

Aprelin 12-dən isə Egyptair-ın iki paytaxt arasında xidməti bərpa edəcəyi gözlənir.

Ancaq Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Moskvayla Qahirə arasında uçuşların bərpası Misirin turizm sektoruna elə də kömək etməyəcək. “Misir hələlik, Rusiya bazarında turist məkanı kimi mövqeyini bərpa etməyib”, – Rusiyada bir turizm agentliyinin sözçüsü “Frans Pres” agentliyinə deyib.