Facebook-un yaradıcısı və rəhbəri Mark Zuckerberg deyir ki, internet şirkətlərinin tənzimlənməsi “qaçılmazdır”. O, konqresmenlər qarşısında ikinci gün ifadə verib.
33 yaşlı internet maqnatı aprelin 11-də Nümayəndələr Palatasının enerji və kommersiya komitəsində sorğu-sual olunub. Ona istehlakçıların konfidensiallığının qorunmasından tutmuş internetin tənzimlənməsinədək bir sıra suallar verilib.
Zuckerberg deyib ki, Cambridge Analytica siyasi konsultasiya şirkətinin şəxsi məlumatlarını ələ keçirdiyi 87 milyon istifadəçi arasında onun özü də var.
“Mən tənzimlənmənin vacib olmadığını demirəm, amma düşünürəm ki, tənzimlənmənin həyata keçirilməsində ehtiyatlı olmaq lazımdır”, – Zuckerbeg söyləyib.
Zuckerberg-in sözlərinə görə, mayın 25-dən qüvvəyə minəcək Avropa standartı – Datanın Baş Qoruyucu Tənzimləyicisi (GDPR) hazırda Facebook-da mövcud qaydalardan daha sərtdir və gələcəkdə Birləşmiş Ştatlar üçün də model ola bilər.
GDPR internet istifadəçilərin şəxsi informasiyalarının qorunması və istifadəsi üzərində daha geniş nəzarət imkanı verir, qaydaları pozan şirkətlər üçün böyük cərimələr nəzərdə tutulur.