Bakı-Kiyev qatar marşrutu açılır

Bakı Dəmiryol Vağzalı

«Azərbaycan Dəmir Yolları» (ADY) Qapalı Səhmdar Cəmiyyəti Bakı-Xarkov sərnişin qatarının marşrutunu Kiyevə qədər uzadır.

ADY-nin mətbuat xidmətindən bildiriblər ki, ilk qatar aprelin 21-də Kiyevə doğru yola çıxacaq.

Bakı-Kiyev marşrutu üzrə qatarlar Bakıdan həftədə bir dəfə - VI günləri saat 01:35-də yola düşəcək.

Qatar Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatmalı və həmin gün saat 14:37-də əks istiqamətə yola düşməlidir.

Bakı-Kiyev qatarı geriyə, Bakıya aprelin 26-da saat 04:10-da çatmalıdır.

Hazırda Bakıdan Xarkova qatarlar işləyir. Həmin marşrutla plaskart biletin gedib-gəlmək dəyəri 151 manat, kupe ilə isə 211.7 manat təşkil edir.

Aprelin 21-dən etibarən biletlər 181.8 və 255.8 manat təşkil edəcək.