AŞPA-nın həmməruzəçisi: “Şayiə yaymayın”

Azərbaycanda seçki

Seçkiylə bağlı yeganə bəyanat dünən – aprelin 12-də beynəlxalq müşahidə missiyasının yaydığı bəyanatdır”, – bunun AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach Twitter hesabında yazıb. O, Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq münasibətlər departamentinin rəhbəri Toğrul Məmmədlinin statusuna cavab verərək onu “şayiə yaymamağa” çağırıb.

T. Məmmədli həmməruzəçiyə istinadla Azərbaycanda prezident seçkisinin “çox yaxşı təşkil olunduğu”nu yazıb. Həmməruzəçi ona belə cavab verib:

“Şayiə yaymayın. Seçkiylə bağlı yeganə bəyanat dünən – aprelin 12-də beynəlxalq müşahidə missiyasının yaydığı bəyanatdır. Mən yalnız bir seçki məntəqəsinin Seçki Məcəlləsinə uyğun açıldığını demişəm. Korrekt olun”, – Stefan Schennach yazıb.

Beynəlxalq müşahidə missiyasının aprelin 12-də açıqladığı ilkin rəydə deyilirdi ki, Azərbaycandakı seçkilər hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib. Bundan sonra missiya təmsilçiləri XİN-ə dəvət olunub, onlara Azərbaycan tərəfinin qəti etirazı çatdırılıb.