Kapital qoyuluşu azalıb

Pul

2018-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 869.2 milyon manat vəsait yönəldildiyi bildirilir.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) bu gün, aprelin 13-də məlumat yayıb.

DSK-nın arxiv materiallarında 2017-ci ilin yanvar-mart aylarında isə ölkədə əsas kapitala bundan çox, 3 milyard 182.3 milyon manat yönəldildiyi yazılıb.

DSK indi vurğulayır ki, bu il sözügedən vəsaitin 1 milyard 456.2 milyon manatı və ya 50.8 faizi qeyri-neft sektoruna sərf edilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41.2 faiz artıb.

Ümumi sərmayənin 74.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 75.8 faizi məhsul istehsalı obyektlərinin, 18.2 faizi xidmət sahələri üzrə obyektlərin, 6 faizi isə ümumi sahəsi 383.2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.