I rübdə neft və qaz hasilatı artıb

SOCAR

Bu ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2.4, qaz hasilatı isə 5.2 faiz artıb.

Bu barədə bu gün, aprelin 16-da Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) yaydığı məlumatda bildirilir.

«SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır», - məlumatda vurğulanır.

Məlumatda bildirilir ki, SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artıb.

«Bu tədbirlərin nəticəsində 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1.8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1.6 milyard kubmetr olub və əvvəlki ilin eyni göstəricisinə nisbətən 8 faiz artıb», - məlumatda yazılır.

Hesabat dövründə ölkə üzrə neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz artaraq 9.7 milyon ton, qaz hasilatı isə 5.2 faiz artaraq 7.3 milyard kubmetr təşkil edib. Artımının böyük hissəsi mart ayına təsadüf edib.