Diplomatların Kubadakı qohumları geri çağrılır

Kubada amerikalı qadın turistin üzərində axtarış aparılır

Kanadanın Xarici İşlər Nazirliyi bildirir ki, Kubadakı diplomatik personalın ailə üzvlərini geri çağırır, Havanadakı heyətin bildirdiyi “qeyri-adi sağlıq simptomları”nı araşdırır.

Kanada hökumətinin qlobal məsələlər üzrə departamenti aprelin 16-da bildirib ki, Kubada 10 nəfərdə aşkarlanmış sirli simptomlar barədə “qeyri-müəyyənlik qalmaqdadır”.

Bəyanata görə, Kubadakı diplomatların həyat yoldaşları, övladları və valideynləri dərhal adanı tərk etməyə başlayacaq.

Kubadakı ABŞ diplomatları 2016-cı ildən oxşar simptomlar barədə informasiya verirdilər. Vaşinqtonun həmin şəxslərin ultrasonuk qurğuların təsirinə məruz qalıb-qalmadığını araşdırdığı bildirilirdi.

ABŞ-ın keçmiş dövlət katibi Rex Tillerson bu simptomların “hədəfli hücumların” nəticəsi olduğunu desə də, kimin məsuliyyət daşıdğını açıqlamamışdı.

Kuba belə hücumlardan bilgisiz olduğunu bəyan edib, qeyd edib ki, özünün apardığı araşdırmalar fərdlərin qəsdən hədəfə alınmasıyla bağlı heç nə ortaya çıxarmayıb.