Nardaran işində cəza ağırlaşdırıldı

Nardaran məhbusları

Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb. Şərti olaraq, «Nardaran işi-3» adlandırılan, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev də daxil, 12 nəfərin apellyasiya şikayəti üzrə qərar açıqlanıb. Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası 12 nəfərdən 11-i ilə bağlı hissədə hökmə heç bir dəyişiklik etməyib. Yalnız Z.Mikayılova aid hissədə dəyişiklik olub. İlahiyyatçıya verilmiş 17 illik həbsin müddətinə toxunulmasa da, bu cəzanın çəkilmə rejimi dəyişdirilib. Birinci instansiya məhkəməsinin hökmündə Z.Mikayılovun cəzasını ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulurdusa, Bakı Apellyasiya Məhkəməsinin qərarında xüsusi rejimdə çəkilməsi qeyd olunub.

Əslində, Bakı Ağır Cinayətlər Məhkəməsində bu hökmü çıxaran hakimlər sonradan ayrıca bir qərar qəbul edib Z.Mikayılovun cəza rejimini dəyişmişdilər. İlahiyyatçının vəkili hakimlərin hökmdən 15 gün sonra sözügedən qərarı çıxarıb hökmü dəyişməklə səlahiyyət həddini aşdığını əsas gətirərək, o qərardan da ayrıca apellyasiya şikayəti vermişdi. Həmin şikayət də Bakı Apellyasiya Məhkəməsində hökmdən şikayətlərə baxan hakimlərin icraatına verilmişdi.

Apellyasiya məhkəməsində prosesin gedişində hakimlər qərardan verilən şikayətin təmin olunduğunu, birinci instansiya məhkəməsinin hökmə əlavə qərarının ləğv olunduğunu elan etmişdilər. Yəni Bakı Apellyasiya Məhkəməsi onu ləğv etsə də, orada bəhs olunan cəzanın ağırlaşdırılması məsələsini öz qərarına daxil edib.

Z.Mikayılovun vəkili Şəhla Hümbətova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsi bu qərarla onun müvəkkilinin vəziyyətini ağırlaşdırdı. Müdafiəçinin sözlərinə görə, apellyasiya məhkəməsinin hakimləri bu addımla həm də qanunsuzluq ediblər, səlahiyyət həddini aşıblar: «Qanuna görə, əgər prokurorluğun protesti və ya zərərçəkmiş tərəfin apellyasiya şikayəti yoxdursa, şəxsin cəzası ağırlaşdırıla bilməz. İndiki halda bu əsasların heç biri olmadan Zülfüqar Mikayılovun vəziyyəti ağırlaşdırıldı. Bu iş üzrə birinci instansiya məhkəməsinin hökmü necə qanunsuz və əsassız idisə, bu qərar da eləcə qanunsuzdur».

Ş.Hümbətova apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini də əlavə edib.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib və uzunmüddətli həbs cəzaları kəsilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə «Nardaran işi -3» üzrə təqsirləndirilən 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib.

Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib.

Amma onlar özlərini təqsirli bilmir və ittihamların saxta olduğunu deyirlər.