Ukraynada saxlanmış Azərbaycanlı jurnalist Fikrət Hüseynli aprelin 17-də Kiyevi tərk edib. O, Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpol xətti ilə sorğusu əsasında 2017-ci il oktyabrın 14-də Kiyevin «Borispol» hava limanında saxlanmışdı.
Niderland vətəndaşı olan F.Hüseynlinin Azərbaycana ekstradisiyası məsələsinin araşdırılması məqsədilə o, Borispol Şəhər Məhkəməsinin qərarı əsasında həbs olunsa da, oktyabrın 27-də azadlığa buraxılmışdı. Jurnalist həbsdə olmasa da, onun Ukraynanı tərk etməsinə icazə verilmirdi, çünki ekstradisiya məsələsiylə bağlı araşdırmalar davam edirdi.
Aprelin 2-də Piçerski Rayon Məhkəməsi (Kiyev şəhərində) F.Hüseynlinin ekstradisiyası ilə bağlı yoxlamanın dayandırılması barədə qərar qəbul etsə də, jurnalistin pasportu qaytarılmamışdı. Prokurorluq bu qərardan narazı qalaraq, yoxlamanın dayandırılması məsələsinə yenidən baxılması üçün bir daha məhkəməyə müraciət etmişdi. Prokurorluğun müraciəti əsasında aprelin 16-da keçirilən məhkəmədə F.Hüseynlinin pasportu qaytarılsa da, məhkəmə araşdırması başa çatmayıb. Növbəti məhkəmə iclası aprelin 19-na təyin olunub. Buna baxmayaraq, F.Hüseynli aprelin 17-də Kiyevi tərk edib.
«Ayın 19-da Fikrətin məhkəməsi olacaq. Əgər vəkillər hesab etsələr ki, Fikrət Hüseynilinin iştirakı vacibdir, o halda, özü də bu prosesdə iştirak edəcək. Ola bilər ki, prosesi sadəcə vəkillərin iştirakı ilə davam etdirmək mümkün olsun. Bu halda Fikrət Hüseynlinin həmin prosesdə iştirakı məcburi olmadığından o, Kiyevə qayıtmayacaq», – «Turan TV»nin rəhbəri Qənimət Zahid bildirib.
F.Hüseynli «Turan TV»nin əməkdaşıdır və onun Ukraynaya təmsil etdiyi media orqanının Kiyev bürosunun açılması ilə əlaqədar səfər etdiyi zaman saxlanıldığı bildirilir.
F.Hüseynlinin Azərbaycana təhvil verilməsi üçün Baş prokuror Zakir Qaralov da ukraynalı həmkarına məktub göndərmişdi. Onun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan cinayət işinə görə axtarışa verildiyi, CM-nin 318 (dövlət sərhədini qanunsuz keçmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunduğu bildirilir.
F.Hüseynli özünü təqsirli bilmir və tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini deyir.
Müxalif «Azadlıq» qəzetinin əməkdaşı olan F.Hüseynli 2008-ci ildə Azərbaycandan gedib.