Əmanətlərin Sığortalanması Fondunun rəhbəri məhkəmə qarşısına çıxarılır

Pul

Əmanətlərin Siğortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev məhkəmədə dindiriləcək. O, «DekaBank»ın rəhbəri Niyazi Vəliyevin işi üzrə ifadə verəcək. Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda qərar qəbul edilib.

«DekaBank» ASC-nin İdarə Heyətinin sədri olmuş N.Vəliyev 2017-ci ilin mayından həbsdədir. O, 5 milyon manatlıq mənimsəmə və dələduzluqda suçlanır. Bankın Maliyyə Departamentinin rəhbəri olmuş Bəhram Hüseynov da onunla birlikdə mühakimə olunur. Lakin Vəliyevdən fərqli olaraq, B.Hüseynov həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

N.Vəliyev haqqında aparılan istintaqdan narazı qalıb. Məhkəmədə özü də, vəkilləri də bildirib ki, bu iş üzrə araşdırmalar qərəzli aparılıb.

«Sanki «DekaBank» təkcə Niyazi Vəliyevdən ibarət olub və bütün işləri də o görüb...», - bankirin vəkili bildirib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru V.Abdullayevin dindirilməsini də onlar istəyib. Təqsirləndirilən N.Vəliyevin vəkili bu barədə vəsatət qaldırıb, məhkəmə də təmin edib.

Daha bir vəsatət isə Mərkəzi Bankdan «DekaBank»la bağlı müxbir hesabın çıxarışının alınması olub. Bu vəsatət də təmin olunub.

Aprelin 25-də keçiriləcək növbəti məhkəmədə V.Abdullayev əlavə şahid qismində dindiriləcək.

N.Vəliyevlə bağlı cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

«DekaBank» ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib.

«DekaBank»ın mərhum prezident Heydər Əliyevin, ötən ilin yayına qədər isə hazırkı prezident İlham Əliyevin köməkçisi vəzifəsində çalışmış Tariyel Ağayevin nəzarətində olduğu bildirilir. Bankın Müşahidə Şurasının sədri Sürəyya Tariyel qızı Ağayeva idi. Bacısı Lalə Ağazadə də Müşahidə Şurasında təmsil olunurdu. Bankın səhmdarları arasında T.Ağayevin digər qızı Vəfa Əlizadə də vardı.

Məhkəmə qarşısına çıxarılmış N.Vəliyevin də prezidentin sabiq köməkçisinin qohumu olduğu deyilir.