ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisində müşahidə missiyası həftənin sonunda Azərbaycandakı işini başa vuracaq.
Bu barədə missiyadan bildiriblər.
Missiyadan deyiblər ki, qurum Azərbaycanda seçkinin monitorinqinin nəticələrinə dair yekun hesabatını 2 aydan sonra açıqlayacaq.
Seçki praktikasının, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tövsiyələr də həmin vaxt irəli sürüləcək.
ATƏT DTİHB-in müşahidə missiyası seçki ilə bağlı ilkin rəyini aprelin 12-də açıqlayıb. Sənəddə seçkinin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Mərkəzi Seçki Komissiyası (MSK) həmin rəyi kəskin narazılıqla qarşılayıb. Hətta MSK bildirib ki, yekun rəydə çatışmazlıq aradan qaldırılmasa, DTİHB ilə əməkdaşlıq məsələsinə yenidən baxmaq məcburiyyəti qarşısında qala bilər.
Xatırlatma
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İlham Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.
Aprelin 15-də MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.
Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.
Aprelin 18-də də prezidentin andiçmə mərasimi keçirilib.
Bir sıra müxalif qüvvələr seçkinin nəticəsini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər.
Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.