Sabah, aprelin 21-nə Milli Məclisin plenar iclası çağırılıb.
Bu haqda «Turan» agentliyinə parlamentin mətbuat xidmətindən bildiriblər.
Milli Məclisin plenar iclasları həftənin iş günlərində keçirilir. Aprelin 21-nə, şənbə gününə təyin olunmuş toplantının gündəliyi açıqlanmayıb. Amma toplantıda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.
Azərbaycan Nazirlər Kabineti aprelin 18-də istefaya gedib. Elə həmin gün prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Həmin qərarda vurğulanır ki, yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi elə Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə olunur.
Xatırlatma
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.
Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolu qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.
Aprelin 17-də isə Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.
Prezident aprelin 18-də and içib.
Bir sıra müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər. Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.