Sənayeləşmiş ölkələrin Böyük Yeddilik (G7) qrupunun xarici işlər nazirləri Rusiyanın bütün dünya ölkələrində “sabitsizlik yaratmaq” cəhdlərinə qarşı birləşiblər. Bunu ABŞ-ın aparıcı rəsmisi jurnalistlərə deyib.
Dövlət Departamentinin anonimlik şərtilə danışan rəsmisi aprelin 22-də deyib ki, “Rusiyanın məkrli davranışına qarşı G7 vəhdət sərgiləyib”. Bazar günü Torontoda G7 xarici işlər nazirlərinin ikigünlük görüşü başlanıb.
Ancaq rəsmi onu da deyib ki, müxtəlif məsələlərlə bağlı Rusiyayla danışıqlar aparıla bilər. Eyni zamanda Moskvanı dünyada sabitsizlik yaratmaq cəhdlərinə görə məsul tutulur.
“Reuters” agentliyi daha öncə mənbələrə istinadla yazırdı ki, görüşün yekun bəyannaməsində Moskvaya qarşı barışmaz mövqe ifadə olunacaq.
G7 Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqını, Moskvanın Ukraynanın şərqində separatçıları dəstəkləməsini pisləyib.
“Rusiyanın indiyədək etdiklərinə görə sənədin dili sərt olacaq. Ancaq bunu qapının açıq saxlanması kimi də yozmaq olar”, – mənbələrdən biri deyib.