Ata Bush xəstəxanaya yerləşdirilib

George H.W. Bush, oğlu, keçmiş prezident George W. Bush ilə

Birləşmiş Ştatların keçmiş prezidenti George H.W. Bush infeksiya diaqnozuyla Hyustonda xəstəxanaya yerləşdirilib. Bu, həyat yoldaşı Bsrbaranın ötən həftəsonu keçirilmiş dəfn mərasimindən sonra baş verib.

Ailənin sözçüsü Jim McGrath aprelin 23-də Twitter-də yazıb ki, 93 yaşlı Bush “müalicəyə reaksiya verir və sağalmaq üzrədir”. Sözçü onun qanına infeksiya düşdüyünü açıqlayıb.

Barbara Bush-un aprelin 21-də dəfn mərasimində əri, keçmiş prezidentlər Bill Clinton, Barack Obama, George W. Bush həyat yoldaşlarıyla birlikdə və birinci ledi Melania Trump iştirak edib.

Bush-ların evliliyi ABŞ tarixində ən uzunömürlü prezident nikahı sayılır.

Ata Bush-da Parkinson xəstəliyi yarandığından əlil arabasından istifadə edir. O, son illər respirator problemlərdən bir neçə dəfə xəstəxanada müalicə alıb.