Rusiyada tanınmış vəkil kollegiyadan uzaqlaşdırılıb

Mark Feigin

Moskva Vəkillər Kollegiyası tanınmış vəkil Mark Feigin-i iddia olunan qeyri-etik davranışa görə qurumdan uzaqlaşdırıb.

Vəkil aprelin 24-də çıxarılmış qərarı siyasi motivli saydığını, apelyasiya şikayəti verəcəyini bildirib.

Vəkil Stalina Gurevich Feigin-in statusunun alınmasını tələb etmişdi. Onun sosial mediada həmkarlarına, müştərilərinə qarşı ədəbsiz leksikondan istifadə etməklə vəkillərin etika kodeksini pozduğunu iddia edib.

Gurevich qərarın siyasi motivli olmasıyla bağlı iddiaları “yalan” adlandırıb.

Feigin “Pussy Riot” pank qrupunu və iki il Rusiyada əsirlikdə qalmış ukraynalı pilot Nadia Savchenko-nu müdafiə edib. Bu işlər siyasi baxımdan həssas sayılırdı.

O, hazırda Moskvada casusluq ittihamlarıyla mühakimə olunan ukraynalı jurnalist Roman Sushchenko-nun da hüquqlarını müdafiə edir.