Aprelin 27-də iki Koreya arasında sammit keçiriləcək. Kim Jong Un 1953-cü il Koreya müharibəsindən bəri iki ölkəni ayıran hərbi demarkasiya xəttini keçəcək ilk Şimali Koreya lideri kimi tarixə düşəcək.
Cənubi Koreya prezidenti Moon Jae-in yerli vaxtla səhər 9:30-da sərhəddə Kim-lə şəxsən görüşəcək. Məlumatı Moon-un aparat rəhbəri Im Jong Seok aprelin 26-da Seulda açıqlayıb.
İki lider arasında danışıqların Panmunjom sərhəd kəndindən cənubda yerləşən Sülh Evində baş tutacağı gözlənir.
Cənubi Koreya bildirib ki, sammitdə “Koreya yarımadasının nüvəsizləşdirilməsi, Koreya yarımadasında daimi sülhün bərqərar olması, koreyalararası əlaqələrin inkişafı” müzakirə olunacaq.
Şimali Koreyanın nümayəndə heyətinə Kim-in bacısı Kim Yo Jong da daxil olacaq. O, fevralda Pxençxan şəhərində olimpiya oyunlarının açılış mərasiminə qatılmışdı.
İyunun əvvəlində Kim-in ABŞ prezidenti Donald Trump-la da görüşü gözlənir.
Ötən il Pxenyan bir neçə ballistik raket və nüvə sınağı keçirdiyindən regionda durum gərginləşib.