QHT sədri rüşvətdə və dələduzluqda ittiham olunur

K.Ağazadə

Telekanallarda uşaq hüquqlarının müdafiəsi ilə bağlı ekspert qismində çıxış edən Kəmalə Ağazadə aprelin 30-da məhkəmə qarşısına çıxacaq. Onun işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dələduzluq, rüşvət verməyə cəhd kimi əməllərdə suçlanan K.Ağazadə haqqında cinayət işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri olan K.Ağazadə həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Təşkilat rəhbəri Səhiyyə Nazirliyinin vəzifəli şəxslərini rüşvətlə ələ almaq cəhdində ittiham olunur.

K.Ağazadə 1998-ci ilin oktyabrından indiyə qədər «Azərbaycan Uşaqları»nın sədri kimi bir sıra layihələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib, bu qurumun vəzifəli şəxsləri ilə ünsiyyətdə olub. Əməkdaşlıq daha çox «Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanların genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsiylə Azərbaycanda HIV/AIDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi» adlı layihə çərçivəsində olub.

Layihənin icrasıyla əlaqədar müxtəlif adamlarla müqavilələr bağlanıb. İttihamda yazılıb ki, beş aylıq müqavilənin müddəti bitəndə K.Ağazadə həmin şəxslərə Səhiyyə Nazirliyindəki vəzifəli şəxsə rüşvət verib əməkdaşlıq müqaviləsinin müddətini uzadacağını deyib. İddia olunur ki, təşkilat rəhbəri «Azərbaycan Uşaqları» İctimai Birliyinin yerləşdiyi binada o adamlardan Səhiyyə Nazirliyinə vermək adıyla pul alıb. Sonradan nə pullar geri qayıdıb, nə də Səhiyyə Nazirliyində veriləcəyi deyilən adama gedib çatıb.

Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, rüşvət vermə) maddələri ilə ittiham olunan təşkilat rəhbəri özünü təqsirli bilməyib.