Gürcüstanda hakim partiyaya Ivanishvili liderlik edəcək

Bidzina Ivanishvili (solda) və Giorgi Kvirikashvili, arxiv fotosu

Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina Ivanishvili qurucusu olduğu hakim Gürcü Arzusu partiyasına nəzarəti ələ alır.

Partiyanın indiki lideri, baş nazir Giorgi Kvirikashvili aprelin 26-da Tbilisidə jurnalistlərə deyib ki, o özü və partiyanın digər liderləri Ivanishvili-dən xahiş edəndən sonra Gürcü Arzusuna rəhbərlik etməyə razılaşıb.

Sol mərkəzçi Gürcü Arzusu koalisiyasını Ivanishvili yaradıb, 2012-ci ilin parlament seçkisində keçmiş prezident Mikheil Saakashvili-nin uzun illər hakimiyyətdə olmuş Vahid Milli Hərəkat partiyası üzərində qələbə çalıb.

Ivanishvili partiyanın qələbəsindən sonra bir il hakimiyyətdə qaldı, sonra siyasətdən getdiyini və postu müttəfiqinə verdiyini açıqladı. Ancaq müşahidəçilər onun pərdəarxası liderliyini saxladığını deyirdilər.

Gürcü Arzusu 2012-ci ildə hakimiyyətə gələndən Saakashvili-nin onlarla müttəfiqi korrupsiya, vəzifə səlahiyyətini aşmaq və sairə ittihamlarla təhqiqata cəlb olunub.