Çernobıl qəzasının ildönümüdür

Rusiyada Vera Toptunova Çernobıl nüvə zavodunda mühəndis işləmiş oğlu Leonid-in məzarı başında

Rusiyada Vera Toptunova Çernobıl nüvə zavodunda mühəndis işləmiş oğlu Leonid-in məzarı başında

Ukrayna aprelin 26-da Çernobıl nüvə faciəsinin 32-ci ildönümünü qeyd edir. Dünyada ən ağır mülki nüvə qəzası sayılan bu hadisəyə görə xatirə tədbirləri keçirilir.

Ukraynanın paytaxtı Kiyevdə yüzlərlə insan gecəyarısı Çernobıl Qəhrəmanlarının Xatirə Təpəliyinə yürüş edib, oraya gül düzüb, şamlar yandırıb. Aprelin 26-sı gecə 1-də isə dualar oxunub.

Prezident Petro Poroshenko Facebook-da yazıb ki, Çernobıl “daim bizim üçün açıq yara kimi qalacaq”.

Belarusda isə müxalifət aprelin 26-da axşama “Çernobıl yolu” yürüşü təyin edib. Bu yürüş 1988-cu ildən keçirilir.

1986-cı il aprelin 26-da Çernobılda nüvə reaktorunda partlayış nəticəsində binanın tavanı uçub, havaya qalxan radioaktiv material Ukrayna sərhədlərini aşaraq Rusiya, Belarus və Avropanın bəzi yerlərinə də yayılıb.

Qəza zamanı ilkin olaraq 30-dək adam dünyasını dəyişib, ancaq sonrakı illər minlərlə insanın radiasiyanın təsirindən öldüyü güman edilir.

Aprelin 25-də BMT-nin Vyanada mənzillənən Atom Radiasiyasının Təsirləri üzrə Elmi Komitəsi bildirib ki, 1991-2015-ci illər arasında reaktor ətrafında 20 minədək qalxanvari vəzi xərçəngi qeydə alınıb. BMT alimləri qəzadan bəri regiondakı hər dörd qalxanvari vəzi xərçəngindən birinə radiasiyanın səbəb olduğunu bildirib.