«Gənc Heydərçilər» Ümumrespublika Gənclər Birliyinin İdarə Heyətinin sədri, 2010-cu ilin parlament seçkilərində Gədəbəy rayonundan namizəd olmuş Nəsimi Qədirov 10 il 6 ay azadlıqdan məhrum edilib. Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb.
N.Qədirov adamları müxtəlif vədlərlə aldadıb onlara qarşı dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərin sayı bir neçə nəfərdir, aralarında «Qartal» tikinti şirkətinin rəhbəri Şahin Məmmədov da var. O, şirkət rəhbərinə dövlət orqanlarından birinin elan etdiyi tenderin qalibi edəcəyinə söz verib və 90 min manatını alıb. Son nəticədə nə şirkət qalib olub, nə də 90 min qayıdıb.
Ümumilikdə, zərərçəkmişlərə dəymiş ziyan yarım milyon manatdan çoxdur. Bu pulun bir qisminin qaytarıldığı bildirilir.
Cinayət işinin materiallarında yazılıb ki, N.Qədirov adamları aldatmaq üçün xüsusi yerlər seçib. Məsələn, metronun «Sahil» stansiyasının üstündə yerləşən binada aylıq icarə haqqı 10 min manat olan ofis kirayələyib, maddi imkanı yaxşı olan şəxslərlə orada görüşüb, danışıqlar aparıb. Adamları inandırıb ki, özü də imkanlıdır, vəzifədə işləyən qohumları, tanışları var.
Məhkəmə N.Qədirovu təqsirli bilib və onun 12 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
N.Qədirov özünü təqsirli bilib.
2017-ci ilin dekabrında Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra dələduzluğa görə cəza nəzərdə tutan 178-ci maddədə də dəyişikliklər olub. Əvvəl 10 min manatdan yuxarı vurulmuş ziyan külli miqdar sayılırdısa, indi bu rəqəm 50 min olub.
Qanunvericiliyə dəyişikliklərlə əlaqədar N.Qədirov da məhkəməyə müraciət edərək, işinə yenidən baxılmasını istəyib. Məhkəmə onun ərizəsinə baxıb və cəzasını 1 il 6 ay azaldıb.