Birləşmiş Ştatlar Rusiyanın alüminium nəhəngi olan Rusal şirkətinə sanksiyalar qoymaqla onu biznesdən sıxışdırıb çıxarmağı hədəfləmir. Ancaq şirkətin əsas səhmdarı Oleg Deripaska səhmlərini 50 faizdən aşağı salmalıdır. Bunu ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib.
“Birinci aspekt odur ki, səhmlərini satıb 50 faizdən aşağı salsın”, – Mnuchin aprelin 30-da Bloomberg TV-yə müsahibəsində deyib. O əlavə edib ki, onun şirkətlə ABŞ sanksiyalardan yayınmaqla bağlı müzakirələri “ürəkləndiricidir”.
“Məqsədimiz Rusalı biznesdən sıxışdırıb çıxarmaq deyildi və buna görə də lisenziyanı uzatdıq”, – Mnuchin söyləyib.
ABŞ Xəzinədarlığı aprelin 6-da Rusal-a sanksiyaları elan edib. Deripaska-nın hədəfə alınması isə Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsindən dolayı Moskvanı cəzalandırmaqla bağlı olub. Xəzinədarlığın yanvarda açıqladığı hesabatda Deripaska prezident Vladimir Putin-lə sıx əlaqələri olan rusiyalı maqnat kimi təsvir olunurdu.
Rusal ABŞ-ın sanksiya siyahısında çıxarılmaq üçün müraciət edib və ötən həftə Xəzinədarlıq ilk dəfə olaraq şirkətə cərimələrdən yayınmağın yolunu göstərib. Deripaska isə Rusalı idarə etdiyi En+ holdinqində payını azaltmağa razılaşıb.