Nazirlik Bakı Metropoliteninin cərimələnməsini istəyir

Depo

Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cərimələnməsini istəyir. Nazirlik bununla bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.

Nazirliyin bu gün, mayın 1-də yaydığı məlumatında yazılır ki, «Bakı Metropoliteni» QSC-yə məxsus avtomobillərin ətraf mühitə ziyan vurduğunu müəyyən ediblər.

«Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları Bakı şəhərində «Ətraf mühitin mühafizəsi haqqında» qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirib. Reyd zamanı «KamAZ» markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qu gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub», - məlumatda bildirilir.

Departament əməkdaşlarının avtomobillərin «Bakı Metropoliteni» QSC-yə məxsus olduğunu müəyyən etdiyi açıqlanıb.

Faktın protokollaşdırıldığı, müəssisənin hüquqi şəxs qismində cərimələnməsindən ötrü Nəsimi Rayon Məhkəməsinə müraciət edildiyi bildirilir.

Bu müraciətlə bağlı hələlik «Bakı Metropoliteni» QSC-nin münasibətini almaq mümkün olmayıb.