İdxal-ixraca nəzarət edəcək qurum yaradıldı

Vergilər Nazirliyi

Vergilər Nazirliyi yanında idxal-ixrac əməliyyatları üzrə Nəzarət departamenti yaradılıb.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, bu, prezidentin aprelin 20-də imzaladığı «Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Sərəncamından irəli gəlib.

«Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması və qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsidir», - məlumatda vurğulanır.

Nazirlik habelə, yeni departamentin yaradılmasını ixracın həcminin artırılması, bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə izah edib.