Ağdamda su idarəsinin maşını atəşə tutulub

Qarabağda erməni əsgəri

Bu gün, mayın 3-də Ermənistan silahlı bölmələrinin Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutduqları bildirilir.

APA-nın xəbərinə görə, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər atəşə məruz qalıb.

Xəbərdə vurğulanır ki, 02-AC-416 dövlət nömrə nişanlı, «KamAZ 43114» markalı avtomobil gülləbaran edilib.

İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobilin yararsız hala düşdüyü açıqlanıb.

İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çoxlu artezian quyusu var. Onun deməsinə görə, kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.

Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyindən bu deyilənləri təsdiq ediblər. «Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır», - deyə nazirlikdən bildiriblər.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqe tutublar. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ağdam rayonunun mərkəzi işğal edilsə də, bəzi kəndlər Azərbaycanın əlindədir.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.