Helsinki Komissiyası 'Azərbaycan dinləməsi' keçirib

Helsinki Komissiyasının Azərbaycana həsr olunmuş dinləməsində

Birləşmiş Ştatların Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirir.

Bu tədbirin brifinqində səslənən bəzi fikirləri diqqətinizə çatdırırıq.

Helskinki Komissiyasının siyasi müşaviri Everett Price bildirib ki, Azərbaycan hökumətinin fəaliyyəti ciddi narahatlıq doğurur:

“2015-ci ildə konqsmen Chris Smtih demokratiya aktını təqdim edib. Buna baxmayaraq, İlham Əliyev 2016-cı ildə referendum keçirib, öz səlahiyyətlərini genişləndirib və xanımını vise-prezident təyin edib. 2017-ci ildə vəziyyət daha pisləşib. Bütün müstəqil media bloklanıb, müstəqil jurnalistlərin ölkədən çıxışı məhdudlaşdırılıb".

ABŞ Massaçuses Universitetinin tarix professoru Audrey L. Altstadt deyib ki, Azərbaycan getdikcə demopkratiyadan uzaqlaşır. İlham Əliyevin hakimiyyəti dövründə bu daha da bariz görünür.

Alim bildirib ki, seçkilərdə əsas müxalifət uzaqlaşdırılıb, nəzarət artırılıb.

Onun fikrincə, ölkədə turizm, tikinti vasitəsilə varlananlar olsa da, hələ də çox sayda köçkün və yoxsullar var.

Audrey L. Altstadt xatırladıb ki, 21-ci əsrdə də insan haqlarını repressiya edən dövlətlər Qərb üçün yaxşı tərəfdaş deyillər, çünki etibarlı deyillər.

Audrey L. Altstadt Azərbaycan müxalifətinin hazırkı vəziyyətindən söz açıb.

O deyib ki, müxalif siyasi partiyaların arasında ReAl xüsusilə seçilir, çünki onun üzvlərinin əksəriyyəti 40 yaşından cavan olanlardır.

O deyib ki, başqa müxalifət partiyaları yaşlılardan ibarətdir və onların prosesdə iştirak üçün resursları yoxdur:

“Belə görürəm onlar uzun illərdir ki, mübarizədədirlər və irəli çıxmağa heç bir şansları olmayıb”.

Freedom Now təşkilatının icraçı direktoru Maran Turner bildirib ki, 2015-16 illərdə bəzi ümidlər yaranmışdı, çünki bəzi siyasi məhbuslar azadlığa buraxılmışdı.

“Amma biz ilyuziyaya qapılmadıq. Hazırda 140-160 siyasi məhbus var. Bunlar siyasətçilər, jurnalistlər və başqalarıdır. Bir çoxları ölkəni tərk ediblər. Qərbə gəliblər, bəziləri fəaliyyətlərini Qərbdə davam etdirirlər. Onların ailələrinə təzyiqlər edilir”.

Maran Turner daha sonra deyib: “Mən xüsusi olaraq İlqar Məmmədov haqqında danışmaq istəyirəm. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014 və sonrakı illərdə onun həbsinə böyük beynəlxalq maraq olub, amma o, barəsində Avropa İnsan Haqları Məhkəməsinin hökmü olsa da, azad edilməyib”.

Bundan sonra Turner din azadlığı məsələsinə toxunub.

O deyib ki, Müsəlman Hərəkatı Birliyinin üzvləri hökuməti tənqid etdiklərinə görə həbs olunublar və işgəncələrə məruz qalıblar.

Turner öz çıxışında jurnalist Əfqan Muxtarlı ilə bağlı məsələdən də söz açıb:

“Gürcülər deyirlər ki, Azərbaycan hökuməti onlara Əfqanın özü ilə danışmaq imkanı vermir”.

Maran Turner əmindir ki, insan haqlarını pozanların – polis, məmur və hüquq-mühafizə orqanı nümayəndələrinin adlarını çəkib rüsvay etmək lazımdır.

Meydan TV saytının direktoru Emin Milli çıxışında deyib ki, o bir media meneceri yox, Azərbaycan vətəndaşı kimi danışmaq istəyir.

“Mən İlqar Məmmədovun, Qiyas və Bayramın, Orduxanın saxlanılan 2 yaşlı qohumunun adından danışmaq istəyirəm. İlkin Rüstəmzadənin adından danışmaq istəyirəm və milyonlarla susdurulmuş və danışa bilməyən adamların adından danışmaq istəyirəm”.

Milli bildirib ki, o bütün bu qanunsuzluqlara İlham Əliyevi və onun hökumətini günahlandırır.

O Avropa İttifaqına müraciətlə belə bir ölkə başçısının tərəfdaş adlandırılmasına təəccübləndiyini deyib.

Millinin fikrincə, “Azərbaycanın dövlət təbliğatı eynilə Kreml təbliğatını təkrarlayır”.

Emin Milli deyib: “ABŞ hökuməti ciddi addımlar atmalı və dünyaya göstərməlidir ki, ABŞ dəyərlərinə sadiqdir, demokratiya onun üçün mühümdür. Əks halda, sizin öz ölkənizdə də belə problemlər yaranacaq”.

Emin Milli daha sonra bildirib:

“Sual edirəm, niyə adamların Orduxana, Meydan TV -yə ehtiyacları yaranıb? Çünki onlar doğrunu, korrupsiyanı yazırlar. Bir videoya 1,5 milyon adam baxır. Məncə, prezident Əliyev özü də bu videolara baxır. Azərbaycan vakuumda yaşamır, daxildə və xaricdə mübarizə davam edir. Milyonlarda kədərli adam küçələrə çıxacağı günü gözləyir”.

***

Birləşmiş Ştatların Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirəcək.

2003-cü ildən Azərbaycanı idarə edən İlham Əliyev bu yaxınlarda seçkini udmaqla 2025-ci ilədək hakimiyyətdə qalmasını təmin etdi. Bundan öncə o, prezidentlik müddətini uzatmış, seçkidə iştiraka məhdudiyyəti qaldırmışdı. Ancaq beynəlxalq müşahidəçilər səsvermənin ‘əsl rəqabət şəraitində keçirilmədiyini, məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqların daraldıldığı hüquqi çərçivədə’ baş tutduğunu bildirib”, – komissiyanın anonsunda belə deyilir.

***Buna da bax: ABŞ ATƏT-in müşahidə missiyasının tənqidi bəyanatını dəstəkləyir

Qurum daha sonra qeyd edir ki, son bir ildə ölkədə fundamental azadlıqların durumuyla bağlı narahatlıq artıb. 2017-ci ilin martında hökumət əsas müstəqil xəbər mənbələrini qapadıb, müstəqil jurnalistlər təqib olunur, saxlanır. Elə həmin ayda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Azərbaycanın qurumda üzvlüyünü dayandırdı, mülki cəmiyyətin hökumət tərəfindən sıxışdırılmasını əsas gətirdi. Azərbaycan 2013-cü ildən həbsdə olan siyasətçi İlqar Məmmədovun buraxılmasına dair Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etmir. 2017-ci ilin dekabrından Avropa Şurası buna görə misilsiz cəza tədbirlərini nəzərdən keçirməyə başladı.

Azərbaycan mayda müstəqilliyinin 100 illiyini qeyd edəcək. Helsinki Komissiyası son hadisələri, ölkənin azad şəkildə götürdüyü insan haqları və demokratiya öhdəliklərini necə icra etməsini nəzərdən keçirəcək”, – anonsda vurğulanır.

Dinləmədə Massaçusets Universitetinin tarixçi professor Audrey L. Altstadt, Meydan TV-nin direktoru Emin Milli, “Freedom Now” təşkilatının icraçı direktoru Maran Turner-in çıxış edəcəyi bildirilir.

***Buna da bax: İ.Əliyev: 'Onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur'

Xatırlatma

Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Bu seçki 6 ay önə çəkilib. Bəzi müxalifət qüvvələri ölkədə rəqabət mühitinin olmadığını bildirərək seçkini boykot edib.

Rəsmi məlumata görə, 2003-cü ildən hakimiyyətdə olan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizindən çoxunu qazanaraq rəqiblərini böyük üstünlüklə geridə qoyub.

Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların pozulmasıyla bağlı deyilənləri, beynəlxalq müşahidə missiyasının seçkiyə dair tənqidi rəyini rədd edir.