Özbəkistan prezidenti Shavkat Mirziyoev şəxsi təhlükəsizlik xidmətinin rəhbəri Abdurahim Mominov-u işdən çıxarıb, Daşkənd yol polisinin rəhbəri Barat Mamenov isə həbs olunub. Məlumatı AzadlıqRadiosu-na təhlükəsizlik xidmətinin anonimlik şərtilə danışan iki əməkdaşı verib.
Onların deməsinə görə, Mirziyoev aprelin 23-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la birlikdə Daşkənddə gəzərkən polis maşınının sirena verərək onların yaxınlığından keçməsinə qəzəblənib.
Mənbələr bildirir ki, Mominov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə keçirilib, Mamenov isə beş gün həbsdə saxlanıb. Mamenov-un aprelin 28-də buraxıldığı, aprelin 30-da yenidən saxlandığı, otağından “əlləri qandallı aparıldığı” bildirilir.
Bu məlumatı rəsmi təsdiqlətmək mümkün olmayıb.
Mirziyoev 13 il baş nazir kimi çalışıb. Prezident Islam Karimov vəfat edəndən sonra bu posta seçilib.