Qərb rayonlarında yağış gözlənir

Yağış

Mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Gecə 13-18, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, mayın 8-də axşam qərb rayonlarından başlayaraq mayın 11-dək ölkənin bəzi bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir.