Pashinian Qarabağ danışıqlarını necə görür

Nikol Pashinian parlamentdə, 8 may, 2018-ci il

Pashinian mayın 8-də axşam prezident Armen Sarkisian ilə görüşməlidir, onu baş nazirliyə də formal olaraq prezident təsdiqləməlidir. Daha sonra Pashinian beş gün ərzində kabinetində görmək istədiyi şəxslərin adlarını, 15 günə isə hökumətin proqramını açıqlamalıdır.

O, hökuməti “milli barışıq” əsasında formalaşdıracağını deyib.

Ancaq HHK-dan deputat Gevorg Kostanian 8 may səsverməsindən sonra deyib ki, indi ölkədə “azlıq hökuməti” mövcuddur, HHK parlamentdəki çoxluğu saxlayır.

Nikol Pashinian Respublika meydanında

Bu o deməkdir ki, Pashinian HHK çoxluğu ilə işləməli olacaq, ya da qanunvericiliyin qəbulunda çətinliklərlə üzləşəcək.

Əgər parlament 20 gün ərzində Pashinian hökumətinin proqramını təsdiqləməsə, qurum avtomatik buraxılacaq və erkən seçkilər keçiriləcək.

Bu arada Rusiya prezidenti Vladimir Putin Pashinian-ı təbrik edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Pashinian-a deyib ki, onun baş nazir kimi “ölkələrimiz arasında daha güclü, dostyana, müttəfiq münasibətlərinin, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Təşkilatı çərçivəsində tərəfdaşlığı irəli aparacağına” ümid edir.

***

Pashinian parlamentdəki çıxışında deyib ki, Ermənistan Rusiyanın lideri olduğu Avrasiya İqtisadi Birliyində qalacaq, Rusiyayla hərbi əməkdaşlığı davam etdirəcək.

Rusiyayla müttəfiq münasibətləri dostluq, bərabərlik, problemlərin həllindən ötrü qarşılıqlı istəyə söykənməlidir. Rusiyayla hərbi əməkdaşlığa Ermənistanın təhlükəsizliyinin əsas təminatçı faktoru kimi baxırıq”, – o deyib.

Pashinian həmçinin Birləşmiş Ştatlar, Avropa Birliyi, İran, Gürcüstan, Çin və Hindistanla əməkdaşlığı “fəal inkişaf etdirəcəyinə” boyun olub.

Nikol Pashinian-ın tərəfdarları

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı münaqişənin həllinə gəlincə, Pashinian deyib ki, “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə” prinsipi əsasında sülh danışıqlarına hazırdır.

Onun sözlərinə görə, separatçı regionun müstəqilliyinin “beynəlxalq miqyasda tanınmasına yeni təkan verilməlidir və erməni icmasının bunda böyük rolu var”.

Pashinian onu da vurğulayıb ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin “iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz”.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı hərəkat 1988-ci ildə başlayıb, 1994-cü ildə atəşkəs əldə olunub. 2016-cı ildə dördgünlük əməliyyatlarda 100-dək adamın həlak olduğu bildirilirdi.

***

Ermənistan müxalifətinin lideri Nikol Pashinian mayın 8-də baş nazir seçildi.

Parlamentdə keçirilən səsvermədə 59 deputat onun lehinə, 42 deputat isə əleyhinə səs verib.

Pashinian parlamentdəki Yelk fraksiyasını təmsil edir.

Ona əsasən, “Yelk” fraksiyası, “Tsarukyan bloku”, “Daşnaksyutun” partiyası və keçmiş hakim “Respublika” partiyasının bir sıra deputatları səs veriblər.

Respublika Meydanı

***

Artıq Yerevanın mərkəzindəki Respublika Meydanına minlərlə adam yığışıb. Pashinian tərəfdarlarının çoxu ağ rəngdə nəsə geyinib – ya papaq qoyub, ya qısaqol köynəkdədir, ya da başdan-ayağa ağ geyinib. Bir gün öncə Pashinian onlardan ağ geyinmələrini istəmişdi.

AzadlıqRadiosu-nun əməkdaşları meydanda bir bayram əhvalının yaşandığını xəbər verir, musiqi çalınır, qızlar qələbə rəqslərini məşq edirlər, bayraqlar yellənir.

***

95 faiz əminəm ki, namizədiniz sabah baş nazir seçiləcək. Sabah Ermənistan vətəndaşları üçün qələbə günü olacaq”, – Pashinian kütlə qarşısında çıxışında deyib.

Nikol Pashinian parlamentdə

O, mayın 7-də jurnalistlərə söyləyib ki, seçilərsə, siyasi düşmənlərindən intiqam almağa çalışmayacaq.

İntiqam olmayacaq. Ermənistandan ötrü siyasi və iqtisadi təqib dönəmi bitib”, – o deyib.

Pashinian AzadlıqRadiosu-na onu da söyləyib ki, seçilərsə, hökumətində oliqarxlara yer verilməyəcək:

Sizi əmin edə bilərəm ki, hökumətdə oliqarx olmayacaq. Seçilsəm, iqtisadiyyatımızda monopoliya olmayacaq”.

***

Ermənistanda müxalifət lideri Nikol Pashinian-ın çağırdığı mitinqə on minlərlə insan qatılıb.

Mitinqdən məqsəd mayın 8-də Ermənistan parlamentində keçirləcək səsvermədə Pashinian-ın baş nazir vəzifəsinə namizədliyini dəstəkləmək idi.

Pashinian Yerevanın mərkəzindəki Respublika meydanında keçirilən mitinqin səhnəsinə əslən erməni, Amerika rok ulduzu və fəalı Serj Tankiyanla birlikdə qalxıb.

Paşinyanın etiraz hərəkatına dəstəyini bildirən Tankiyan kütləyə ermənicə müraciət edib:

“Siz qəzəb və narazılığınızı müsbət bir hərəkata çevirə bildiniz”.

Bundan sonra o erməni vətənpərvər mahnısı Bari Aragil - “Xeyirxak leylək” mahnısından bir parça oxuyub.

Qısa mitinq zamanı Pashinian deyib ki, onun mayın 8-də parlamentdə keçiriləcək səsvermədə qalib gəlmək üçün “95 faiz şansı” var.

Eyni zamanda o tərəfdarlarını mayın 8-də yerli vaxtla səhər 11-də yenə də Respublika meydanına gəlməyə çağırıb.

Bundan əvvəl Yerevan hava limanında rok ulduzu Tankiyanı Pashinian və onun tərəfdarları qarşılamışdılar.

Pashinian mayın 8-də baş nazir olmasa, daha bir ümumi tətil çağıracağı ilə hədələyib.

***

Ermənistanın müxalifət lideri Nikol Pashinian mayın 7-də axşama Yerevanda kütləvi yürüş təyin edib. Məqsəd sabah parlamentdə keçiriləcək baş nazir seçkisi öncəsi xalqın ona dəstəyini göstərməkdir.

Yürüşdən öncə, yerli vaxtla saat 8-də Pashinian və tərəfdarları Yerevan aeroportuna erməni əsilli amerikalı rok ulduzu Serj Tankian-ı qarşılamağa gedəcəklər.

Tankian Pashinian-ın etiraz hərəkatına xaricdən dəstəyini bildirib və Yerevanın mərkəzindəki Respublika Meydanında çıxış edəcəyi gözlənir.

Serj Tankian

Pashinian həmçinin tərəfdarlarını mayın 8-də yenidən Yerevanın küçələrinə çıxmağa səsləyib. Onun niyyəti parlamentdəki səsvermə zamanı hakim Respublikaçı Partiyaya (HHK) təzyiq göstərməkdir.

“BARIŞIQ HÖKUMƏTİNİN YARADILMASI”

42 yaşlı siyasətçi deyib ki, tərəfdarları qeyri-zorakı vətəndaş itaətsizliyi aksiyalarına hazır olmalıdırlar, çünki HHK-nın onun baş nazir seçmək vədini yerinə yetirəcəyinə 100 faizlik təminat yoxdur.

Mayın 2-də on minlərlə erməni Pashinian-ın ümumxalq tətili çağırışına hay verdilər. Pashinian mayın 8-də baş nazir seçilməzsə, daha bir tətil keçirməklə hədələyib.

Pashinian mayın 5-də jurnalistlərə deyib ki, müxalifətin HHK ilə “mümkün əməkdaşlığı” “faktiki siyasi durumdan” asılı olacaq.

Bizi gələcəyə aparacaq xeyli sayda potensial durum mümkündür”, – deyən Pashinian əlavə edib ki, əsas məqsədi “barışıq hökumətinin yaradılması”dır.

Pashinian-ın fotosu həkk olunmuş köynək

Ermənistanda 11 gün davam edən etirazlar aprelin 23-də keçmiş prezident Serzh Sarkisian-ın baş nazir postundan istefasıyla sonuclandı. 2008-ci ildən prezident olmuş Sarkisian baş nazir postunda ölkənin liderinə çevriləcəkdi, konstitusiya dəyişiklikləri buna imkan verirdi. Ancaq əhali bir nəfərin ölkəyə 10 ildən çox rəhbərliyini qəbul etmədiyini söylədi və küçələrə çıxdı.

Mayın 1-də ilkin səsvermə zamanı hakim partiya Pashinian-ı dəstəkləmədi. Mayın 3-də özünün Yelk fraksiyası və müttəfiq müxalifət partiyaları onu yenidən bu posta yeganə namizəd kimi irəli sürdü.

Müxalifət lideri 105 yerlik parlamentdə 41 deputatın dəstəyini artıq təmin edib. HHK-nın 58 mandatı var, ancaq deputatların azı üçdə birinin dəstəklədiyi namizədə səs verəcəyini bildirib.