ABŞ Azərbaycanda pendir istehsalına dəstək verir

Pendir

Bu gün, mayın 11-də ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun Günəşli kəndində təmirdən çıxmış süd toplama və emalı müəssisəsinin açılışını ediblər.

Səfirliyin məlumatına görə, həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin, bələdiyyənin nümayəndələri və yerli sakinlər iştirak edib.

Müəssisədə quraşdırılmış yeni avadanlıqlar əvvəlkindən daha tez məhsul istehsal etməlidir. Yerli fermerlərdən daha çox süd qəbul ediləcəyi, korlanma nəticəsində itirilən südün həcminin azalacağı, fermerlərin gəlirlərinin artacağı bildirilir.

Məlumata görə, müəssisənin 20 ton saxlanc imkanı var. Orda sarı pendirlə yanaşı, brınza (türk bəyaz pendiri) da istehsal edilməlidir. Müəssisənin 12 min 700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcəyi bildirilir.

Müəssisə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökumətinin birgə dəstəyi ilə ərsəyə gəlib.