Keçmiş icra başçısının həbs edildiyi deyilir

Foto arxiv

“Qardaşım Saleh Rüstəmov mayın 8-də Gədəbydən Bakıya qayıdarkən Şəmkir postunda saxlandı”

Bunu S.Rüstəmovun qardaşı Taleh Rüstəmov bildirib.
Saleh Rüstəmov Əbülfəz Elçibəyin hakimiyyət dövründə (1992-1993-cü il) Gədəbəy rayonunda İcra Hakimiyyətinin başçısı işləyib.

Onun hazırda Rusiyada yaşadığı, bir neçə günlüyə Azərbaycana gəldiyi bildirilir.

Qardaşının sözlərinə görə, post yaxınlığında çoxsaylı mülki geyimli şəxslər və yol polisi əməkdaşları olub:

“Elə çatan kimi, Salehi maşından düşürdülər, bizi isə düşməyə qoymadılar”.

T.Rüstəmov deyir ki, S. Rüstəmovu Şəmkir şəhərinə aparıblar:

“Bizi isə 10-15 dəqiqə saxladılar, buraxmadılar. Nəhayət uzun söz-zöhbətdən sonra buraxdılar. Dərhal vəkil tutdum. Vəkil də Şəmkir Rayon Məhkəməsinə teleqram vurdu ki, S.Rüstəmovun vəkilidir, onusz prosesə baxmasınlar. Məhkəmədən cavab gəldi ki, prosesə baxıblar, barəsində 4 ay həbs qət-imkan tədbiri seçilib və Bakıya aparılıb.

Guya Şəmkir şəhər parkında gəzərkən özünü şübhəli aparıb, üstündən hansısa narkotik maddə tapılıb və özü də etiraf edib ki, narkotika onundur. Harada saxlanması hələ də bəli deyil”.

S.Rüstəmov deyib ki, vəkil nə qədər çalışsa da mayın 8-dən S.Rüsətmovla əlaqə saxlaya bilməyib. Onun deməsinə görə, məhkəmə qərarından sonra apelyasiya şikayəti verilib və mayın 14-də bu şikayətə baxılması gözlənir.Şikayətdə həbsin əsasız olduğu vurğulanıb.

Bu deyilənlərə, hələlik, Şəmkir Rayon Məhkəməsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

S.Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (ACXP) keçmiş üzvü olub. 1992- 93- cü illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident olanda Gədəbəy rayonunda İcra hakimiyyəti başçısı vəzifəsində çalışıb. Onun uzun illərdir Rusiyada yaşadığı və həmin ölkənin vətəndaşlığını aldığı bildirilir.