Nazir: “Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

Zakir Həsənov

“Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

Azərbaycan müdafiə nazirliyinin rəsmi saytında gedən məlumata görə, bunu müdafiə naziri Zakir Həsənov mayın 12-də keçirdiyi müşavirədə deyib.

Məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Nazir Zakir Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazir Nikol Pashinianın münaqişə ilə bağlı çıxışlarına da toxunub.

Nazir bildirib ki, bu cür hərəkətlər qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Qeyd edək ki, bəyanat, Ermənistanın yeni baş naziri Nikol Pashinianın mayın 8-də Azərbaycanın işğal altında olan qədim Şuşa şəhərinə səfərindən bir neçə gün sonraya təsadüf edir.

Nazir rəqibin ön və müdafiə xətlərindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, onun ehtimal olunan addımlarına hər an hazır olmaq, habelə mümkün təxribatların qarşısını dərhal almaq üçün qəti tədbirlər görülməsini göstəriş verib.