250 karxananın fəaliyyəti dayandırılıb

Karxana

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş, qum, çınqıl karxanalarının monitorinqini aparıb.

Nəticədə respublika üzrə 585 karxananın fəaliyyət göstərdiyi müəyyən edilib. Onların elektron məlumat bazası yaradılıb:

«Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb. Hazırda 238 daş, qum, çınqıl karxanaları fəaliyyət göstərir. Ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir».

Məlumatda bildirilir ki, monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb:

«46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib».

Fəaliyyəti dayandırılan karxanaların adı çəkilmir. Son illər mətbuata açıqlama verən ayrı-ayrı karxana sahibləri gəlirlərin azalmasından şikayət edirdilər. Onların bildirməsinə görə, həm ölkədə son illər tikintinin azalması, həm də elektrik və yanacağın qiymətinin bahalaşması gəlirlərinə mənfi təsir göstərib.