NATO-Azərbaycan əlaqələri müzakirə edilib

E.Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfəri çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturay ilə görüşüb.

Bu haqda bu gün, mayın 14-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

C.Apparturayın Əfqanıstanda sülhün bərqərar olmasını hədəfləmiş «Qətiyyətli Dəstək Əməliyyatı»na və bu ölkənin ordusuna dəstəyə görə Azərbaycana təşəkkür etdiyi bildirilir.

Görüş zamanı regional məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı da vurğulanır.

Məlumata görə, E.Məmmədyarov bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Nazirin fikrincə, bu hal regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalır.

Söhbət zamanı həmçinin, Azərbaycan-NATO münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri E.Məmmədyarov mayın 13-də Belçikaya işgüzar səfər edib. Səfər mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən konfransda iştirak məqsədi daşıyıb.

Səfər çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xatırlatma

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir. Rəsmilər isə bunu balanslaşdırılmış siyasətlə izah edirlər.