Hava limanında 'ASAN Viza' fəaliyyətə başlayıb

Bakı aeroportunda ərəb turistlər

Bu gün, mayın 15-dən «ASAN Viza» özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanıb.

Quraşdırılmış «ASAN Viza» özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələrdən ötrü POS-terminallar və nağd ödəmələrlə bağlı əskinaz qəbuledicilərlə təmin olunub.

Terminalların Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla 7 dildə fəaliyyət göstərdiyi bildirilir. Bir əcnəbi vətəndaşa vizanın verilməsi qısa müddət ərzində təmin olunmalıdır.

«ASAN Viza» portalı vasitəsilə hazırda 95 ölkəyə elektron viza verildiyi qeyd edilir.

Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi həyata keçirilməlidir.

APA-nın xəbərinə görə, «ASAN xidmət»in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşlarına hava limanlarında «ASAN Viza» pulsuzdur. Türkiyə vətəndaşlarına rüsum 11 dollar, qalan ölkələrin vətəndaşlarına isə 26 dollar təşkil edir.

«ASAN Viza» vasitəsilə hava limanında 15 ölkə - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına birbaşa vizaların verilməsi təmin edilməlidir.

Xatırlatma

Prezident İlham Əliyev 2016-cı ildə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və «ASAN Viza» sisteminin yaradılması haqqında fərman imzalayıb.

Fərman Azərbaycana gələn əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə izah edilib.

Sonradan «ASAN Viza» sisteminə bir sıra yeniliklər edilib. Sistem, əsasən, 2017-ci ilin yanvarından işə düşüb.