Pashinian Ermənistana investisiya qoymağa çağırır

Nikol Pashinian erməni icması qarşısında çıxış edir, 13 may, 2018-ci il

Ermənistanın baş naziri Nikol Pashinian mayın 14-də Rusiyanın kurort şəhəri olan Soçidə Avrasiya İqtisadi Birliyinin növbəti toplantısına qatılıb. O, bir gün öncə şəhərin erməni icmasıyla görüşündə ölkəsinə investisiya qoymağa çağırıb. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti məlumat verir.

Soçi aeroportundan birbaşa Müqəddəs Sarkis kilsəsinə gedən Pashinian burada şam yandırıb. O, erməni icması qarşısındakı çıxışında deyib ki, bütün siyasi proses boyunca onların hər birinin dəstəyini hiss edib və qələbə də hər birinindir.

Qeyd edək ki, Pashinian mayın 8-də baş nazir seçilib. Ölkədə bir neçə həftə davam edən etirazlar nəticəsində keçmiş prezident Serzh Sarkisian baş nazir postundan getməli olub.

Nikol Pashinian baş nazir seçiləndən sonra Yerevanın mərkəzi, 8 may, 2018-ci il

Bundan sonra erməni xalqı qalib olacaq və erməni xalqı, nəhayət, vətəninə dönə biləcək. Qardaş Rusiyaya erməni xalqına belə şərait yaratdığına görə təşəkkür edirəm”, – Pashinian çıxışında söyləyib.

***Buna da bax: E.Məmmədyarov: 'Dünyada ən çox köçkün Azərbaycandadır'

“SƏRMAYƏLƏR BİR-BİR QORUNACAQ”

O, məqsədin “böyük repatriasiya”, “insani, maliyyə, iqtisadi, dini, elmi potensialı, yaxud onun böyük hissəsini Ermənistan Respublikasına yığmaq, onun təhlükəsizliyini və normal inkişafını təmin etmək” olduğunu bildirib.

Rusiyadakı erməni və rusiyalı biznesmenləri Ermənistana gəlməyə, sərmayə qoymağa, iş yerləri yaratmağa çağırıram. Çünki burası yeni Ermənistandır, sərmayələr bir-bir qorunacaq, heç bir sərmayə təhlükəyə məruz qalmayacaq. Bu gün ölkəmizin, erməni xalqının nüfuzu həmişəkindən qat-qat yüksəkdir və ölkəmizdə yaşamağımız, xoşbəxt olmağımız üçün hər cür şərait yaradılıb”, – baş nazir söyləyib.

Hər birinizə xidmət edirəm. Heç kəs şübhə etməsin ki, mübarizəmiz hər gün, hər həftə, hər il Ermənistana, erməni xalqına və Artsaxa (ermənilər Qarabağa belə deyirlər) yeni qələbələr gətirəcək. Erməni xalqı vətəni ətrafında birləşib, Ermənistan və Artsaxı qurmaq, inkişaf etdirmək üçün qətiyyət və enerjiylə doludur”, – Pashinian deyib.

***Buna da bax: Pashinian Qarabağ danışıqlarını necə görür

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

2016-cı ildə dördgünlük əməliyyatlarda 100-dək adamın həlak olduğu bildirilirdi.