Duma antisanksiya qanununu ilk oxunuşda qəbul edib

İllüstrativ foto

Birləşmiş Ştatların iqtisadi sanksiyalarına əməl edən rusiyalılar dörd ilədək həbsə məhkum edilə bilər. Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması bu qanun layihəsini ilk oxunuşda qəbul edib.

Deputatlar mayın 15-də qanuna yekdilliklə səs verib.

Layihə hələ iki dəfə Dumada, bir dəfə isə yuxarı palatada – Federasiya Şurasında səsverməyə çıxarılmalı, daha sonra prezident Vladimir Putin onu imzalamalıdır.

Aprelin 6-da ABŞ Rusiya rəsmiləri, Putin-ə bağlı maqnatlar və şirkətlərə maliyyə qadağaları qoyub, aktivlərini dondurub. Bu layihə də həmin addıma cavab sayılır.

Vaşinqtonun sanksiyalarının məqsədi 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə etdiyi iddia olunan Moskvanı cəzalandırmaq idi. Daha öncə, Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra da bəzi sanksiyalar qoyulmuşdu.

Qanun layihəsi məhkəməyə imkan verir ki, sanksiyalardan dolayı Rusiya vətəndaşına xidmət göstərməkdən, onunla iş görməkdən imtina edən fərdi, yaxud hüquqi şəxs təmsilçisini dörd ilədək həbsə məhkum etsin. Qanunu pozanlar 600 min rubl (9710 dollar) cərimələnə də bilərlər.

Layihə xarici hökumətlərin Rusiyaya sanksiya tətbiq etməsinə məsləhət, yaxud informasiyayla yardım göstərənlərin də cəzalandırılmasını nəzərdə tutur. Belələri üç ilədək həbs cəzası, yaxud 500 min rubl (8090 dollar) cəriməylə üzləşə bilərlər.

Dumada ikinci səsvermə mayın 17-nə planlaşdırılır.