Ələtdə azad iqtisadi zona qanunu qəbul edildi

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

Milli Məclis bu gün, mayın 18-də «Ələt azad iqtisadi zonası haqqında» Qanun layihəsini qəbul edib.

Sözügedən qanun «Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında» ölkə başçısının sərəncamına əsasən hazırlanıb. APA-nın məlumatına görə, qanun azad iqtisadi zona ilə bağlı hüquqi suallara aydınlıq gətirir.

Qanuna görə, azad zonaya idxal edilən mallar, işlər, xidmətlərlə bağlı gömrük rüsumları və vergilər ödənilməyəcək.

Eyni zamanda, qanuna əsasən, Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz bu zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq, «bir pəncərə» qaydasında işləyəcək.

Deputatlar qanunu 3-cü oxunuşda qəbul ediblər.

Xatırlatma

Ələtdə azad iqtisadi zonanın yaradılması prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam «Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında» adlanır.

Prezident ötən ilin mayında yenidən bu məsələyə qayıdıb, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılmışdı və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilmişdi.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Bu günlərdə Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanının da açılışı olub. Həmin limanın tikintisinə 2010-cu ildən başlanmışdı.