Müsavat Partiyası Xətai rayon təşkilatının sədr müavini, keçmiş məhbus Elvin Abdullayevə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Qərarı bu gün, mayın 22-də Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun verdiyi deyilir.
Bu haqda Müsavat Partiyasının mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumata görə, E.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə tabe olmamaq) maddəsi ilə günahkar bilinib.
E.Abdullayevin siyasi motivlə, Facebook statuslarına görə həbs edildiyini bəyan edən Müsavat Partiyasından habelə bildiriblər ki, qərardan şikayət veriləcək.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmədən münasibət almaq mümkün olmayıb.
Ancaq ölkə rəsmiləri iddia edirlər ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs edilmir. Onlar ölkədə söz və fikir azadlığının olduğunu vurğulayırlar.
Müsavatçının saxlandığı bildirilir
Müsavat Partiyası Xətai rayon təşkilatının sədr müavini, keçmiş məhbus Elvin Abdullayevin saxlandığı deyilir.
Bu haqda Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.
Partiyanın məlumatına görə, bu gün, mayın 22-də günorta saatlarında bir qrup polis əməkdaşı E.Abdullayevin yaşadığı mənzilə gəlib.
Müsavatçının anasının Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparıldığı bildirilir.
Partiyadan deyiblər ki, E.Abdullayev həmin vaxt evdə olmayıb. Verilən məlumata görə, anasının saxlanması haqda informasiya əldə edəndən sonra müsavatçı polis bölməsinə gedib. Onun anasının sərbəst buraxıldığı, özünün isə bölmədə saxlandığı deyilir.
Müsavat Partiyasından bildirdiyinə görə, E.Abdullayevi daha sonra Xətai Rayon Məhkəməsinə aparıblar.
Daxili İşlər Nazirliyi və Xətai Rayon Məhkəməsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Xatırlatma
E.Abdullayev əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub. O, 2015-ci il yanvarın 8-də həbs edilmişdi.
E.Abdullayev CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı. Həmin vaxt o, ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayırdı.
Ali Məhkəmə 2016-cı il iyunun 22-də E.Abdullayevin kassasiya şikayətinə baxıb. Məhkəmə ittihamı 234.4.3-cü (küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddədən daha yüngül 234.1-ci (qanunsuz narkotik saxlama) maddəyə dəyişib. Gəncin həbs müddəti 6 ildən 2 il yarıma endirilib.
O, 2017-ci ildə ölkə başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa çıxmışdı. Azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirirdi.