Prezident: 'Xalq Cümhuriyyəti süquta uğramasaydı...'

İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışını etdi

«Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı, bu gün biz ən zəngin ölkələrdən biri olardıq».

APA-nın xəbərinə görə, bunu mayın 29-da Səngəçal terminalında keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində prezident İlham Əliyev deyib.

İ.Əliyevə görə, milli müstəqilliyin süquta uğradığı 1920-ci ildən sonrakı dövrdə milli azadlıq olmadığından xalq təbii sərvətlərindən bəhrələnə bilməyib.

Dövlət başçısı vurğulayıb ki, hələ XIX əsrin ortalarında Azərbaycanda sənaye üsulu ilə neft istehsal olunub.

İ.Əliyev deyib ki, o zaman xalq səfalət içərisində yaşasa da, neftdən gələn gəlirlər Azərbaycan xalqına xərclənmirdi.

Dövlət başçısı vurğulayıb ki, məhz indi xalq öz resurslarından istifadə edir.

Dövlət başçısı bildirib ki, iyun ayında Trans Anadolu Kəməri (TANAP) istifadəyə veriləcək

O, regional layihələrin icrasında verdiyi dəstəyə görə ABŞ hökumətinə xüsusi təşəkkür ifadə edib.

İ.Əliyev Avropa İttifaqının da Cənub Qaz Dəhlizinə dəstək verdiyini qeyd edib və beynəlxalq korporasiyalara təşəkkür bildirib.

Dövlət başçısı deyib ki, bu layihədə bütün tərəflərin maraqları nəzərə alınıb:

«Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi».

O, çıxışında həmçinin vurğulayıb ki, bu gün, mayın 29-u Azərbaycanın həyatında əlamətdar gündür:

«Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram».

İ.Əliyev sonra kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bununla da Trans Anadolu Kəmərinə qaz vurulub.

Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub

Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, bundan başqa, XXV Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub. Mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, Trans Anadolu Kəməri (TANAP) və Trans Adriatik Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir.