Ukraynada saxlanmış jurnalist Putin-dən kömək istəyir

Kirill Vyshynsky

RIA Novosti-Ukrayna-nın həbsdə olan rəhbəri Kirill Vyshynsky Rusiya və Ukrayna prezidentlərinə müraciət edərək onlardan kömək istəyib. O, Ukrayna vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Vyshinsky iyunun 1-də məhkəmədə deyib ki, Putin-dən “azadlığa buraxılması üçün gərəkən bütün tədbirləri görməsini” istəyir. O, Rusiyadan hüquqi yardım istəyib.

2015-ci ildə Rusiya pasportu almış Vyshinsky iki həftə öncə saxlanıb, vətənə xəyanətdə ittiham olunub. Özü ittihamları rədd edir.

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) RIA Novosti-Ukrayna-nın əməkdaşlarına qarşı irimiqyaslı əməliyyat aparıb, həm ofislərini, həm mənzillərini axtarıb. Vyshinsky evinin yaxınlığında saxlanıb.

SBU daha sonra yaydığı bəyanatda bildirirdi ki, Ukraynaya qarşı hibrid müharibə aparan media strukturları şəbəkəsi aşkarlanıb.

Vyshinsky-nin Moskvanın xahişilə Rusiyanın Krım yarımadasını ilhaqına haqq qazandıran reportajlar hazırladığı bildirilir. Buna görə hər ay Rusiyadan 53 min avro (60 min dollar) aldığı iddia olunur.

İttihamlar sübuta yetirilsə, Vyshinsky 15 ilədək həbsə məhkum edilə bilər.