«Mən işadamıyam, Bakıda şirkətim var. Azərbaycanda taxıl biznesi ilə məşğulam», - İran vətəndaşı Milani Ebrahimi iyunun 11-də məhkəmədə hakimlərə müraciət edərkən deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində onun öz ölkəsinə təhvil verilməsi məsələsinə baxılıb. İranın hüquq-mühafizə orqanları bu məsələ ilə əlaqədar Azərbaycana müraciət edib. Azərbaycanın Ədliyyə Nazirliyi və Baş Prokurorluğu da qərarın qəbulu üçün təqdimatla məhkəməyə müraciət edib.
Məhkəmədə dəqiqləşdirmə zamanı E.Milani deyib ki, milliyyətçə azərbaycanlıdır, Təbriz şəhərində yaşayır, özü də 16 ildir Azərbaycana gəlib-gedir.
M.Ebrahimi dələduzluqda suçlanaraq axtarışa verilib. O, bir müddət öncə Azərbaycanda saxlanılıb. Onun sözlərinə görə, İranda bəraət alıb, lakin sənədləri qaydasında deyil: «Mən orada bəraət almışam, sadəcə, sənədlərimdə problem vardı. Məni azadlığa buraxın, sənədlərimi qaydasına salım. Mən işadamıyam, Bakıda şirkətim var. Azərbaycanda taxıl biznesi ilə məşğulam».
Lakin məhkəmə Baş Prokurorluq və Ədliyyə Nazirliyinin təqdimatını təmin edib və E.Milaninin İrana ekstradisiyasına qərar verilib.