Bu gün, iyunun 11-də Baş Prokurorluq Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, iyunun 10-da saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «Kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə xəstəxanaya gətirilib: «Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən, zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb. Zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib».
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açıldığı bildirilir.
«Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma- ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb. İş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib», - məlumatda vurğulanır.
Rəsmi açıqlamada habelə, bildirilir ki, zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.
«Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilmişdir», - məlumatda yazılır.
Son vaxtlar Azərbaycanda pambıq sahələrindən bir neçə acı xəbərlər eşidilib. Ən son ağır hadisə bu il mayın 7-də, səhər saatlarında Sabirabad rayonunda baş vermişdi. Şəhriyar kəndində pambıq sahəsinə gedərkən traktorun qoşqusunun aşması nəticəsində 6 nəfər vəfat etmişdi. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilirdi.
Xatırlatma
Son illər Azərbaycanda pambıqçılığa diqqət artırılıb.
Rəsmi açıqlamaya görə, 2015-ci ildə ölkədə cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton pambıq tədarük edilib.
2017-c ildə isə pambıq tədarükü 207 min tona çatdırılıb. Hökumət rəsmiləri habelə vurğulayıblar ki, pambıqçılığın inkişafı əhalinin məşğulluğunu artırıb. Ancaq hakimiyyətin opponentləri pambıqçılığı «qul əməyi» kimi dəyərləndirirlər. Üstəlik, onların fikrincə, pambıqçılığın inkişafı heyvandarlığa ziyan olub.