“Amerikanın səsi” radiostansiyasının əməkdaşı Greta Van Susteren iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trump-dan müsahibə alıb. Müsahibə Trump-la Şimali Koreya lideri Kim Jing Un arasındakı tarixi sammitdən sonra baş tutub. AzadlıqRadiosu müsahibəni qısa ixtisarla təqdim edir:
Van Susteren: Kim Jong Un sizi təəccübləndirdimi?
Trump: O, doğrudan da gözəl insandır. Baməzədir, çox ağıllıdır, çox yaxşı danışıq aparandır. Xalqını sevir, bundan təəccübləndiyimi deməzdim, ancaq o, xalqını sevir. Düşünürəm ki, əla bir razılaşmanın başlanğıcındayıq. Şimali Koreyanı nüvəsizləşdirəcəyik. Bu, dərhal başlayacaq, bir sıra başqa şeylər də baş verir, Koreya müharibəsində həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının geri alınması da buraya daxildir. Siz daha çox Şimali Koreyayla maraqlanırsınız, ancaq Greta, qalıqların geri alınması bir çoxları üçün vacibdir. Onlar mənə zəng edir, məktublarında yazırdılar ki, “Bunu edə bilərsinizmi?” və o, bunu etməyə razılaşdı, müharibədə minlərlə adam həlak olub, buna görə də böyük razılaşmadır.
***Buna da bax: ABŞ Cənubi Koreyada hərbi təlimləri dayandırır
Van Susteren: Beləliklə, bu gün insan haqları məsələsini masanın üstünə qoydunuz və o necə reaksiya verdi?
Trump: Çox yaxşı. Biz vaxtın 90 faizini nüvəsizləşdirmə barədə danışırdıq, ancaq bir çox məsələlərə də toxunduq, insan haqlarından danışdıq, qalıqların qaytarılması böyük amildir, faktiki, bunu sənədə daxil etdik, bunu sənədə sala bildik. Sənədə xeyli yaxşı məsələni sala bildik, çoxları bu qədərini düşünmürdü.
Van Susteren: Pərdəarxasında nə baş verdiyindən bir az danışın, ona ultimatum verdinizmi, ya o, sizə ultimatimtum verdimi?
Trump: Xeyr, ultimatum olmadı. Üç aydır bununla məşğuluq, dövlət katibi Mike Pompeo daxil olmaqla, müxtəlif təmsilçilərimiz vasitəsilə bununla məşğuluq. Pompeo həqiqətən fantastik işlədi. Yəni xeyli vaxt işləmişik və bu gün görüşəndə dərhal dil tapdıq. Bilirsiz ki, bu, mənim üçün sutkanın 25-ci saatıdır, 25 saatdır yatmıram, çox uzun danışıq oldu və bununla fəxr edirəm. Bununla proses başlanır. Bilirsiz ki, bu, müharibəylə sonuclana bilərdi, milyonlarla adam həyatını itirə bilərdi – Şimali Koreyanı yaxşı tanıyırsız, Seulun 28 milyon əhalisi var, milyonlarla adam həlak olardı, ancaq biz razılaşma əldə edəcəyik.
Van Susteren: Bəs hərbçilərimiz necə olacaq? Cənubi Koreyada qalacaqlarmı?
Trump: Bəli, qalacaqlar. Bunu heç müzakirə etmədik, bu müzakirə olunmadı. Biz xeyli pula başa gələn hərbi oyunları dayandıracağıq. Harada olduğumuzu bilirsiniz – məncə, birincisi, bu, çox təhrikedicidir. Bunu etmək istəyirəm və məncə, onlar da məmnundurlar, çünki bu onları qıcıqlandırırdı. Ancaq bu, xeyli pula başa gəlib. Tam səmimi danışıq aparanadək bunu etməyəcəyik.
Van Susteren: On illərlə davam edən müharibə təbliğatından sonra Kim-i danışıqlar masasına oturmağa nə vadar etdi?
Trump: Əslində, böyük hərbi təbliğat aparıldığını düşünmürəm, məndən əvvəl, onlar əsasən, sükut edirdilər, bu barədə danışmaq istəmirdilər, amma belə olmaz. Məncə, ilkin ritorika çox vacib idi. Səmimi desəm, bunu heç etmək istəmirdim və çoxları da mənim yanlış davrandığımı düşünürdülər. Məncə, elə etməsəydim, indi burda olmazdıq. Onu da düşünürəm ki, o da həqiqətən razılaşma əldə etmək istəyir, nəsə etmək istəyir.
Van Susteren: Amma niyə?
Trump: Çünki bilir ki, biz zarafat etmirik. Məncə, o, keçmişdə bunu hiss etməyib. Məncə, keçmişdə bununla başqaları məşğul olublar və alınmayıb. Ancaq o bilir ki, onunla danışmaq istəyirik, bunu etməliyik və edəcəyik. Biz Şimali Koreya barədə çox sərt danışmışıq. Ancaq bu gün imzaladığımız sənəd adamların düşündüyündən daha böyük və hərtərəflidir. Heç kəs bunun mümkün olacağına inanmırdı.
Van Susteren: Sizcə, o gedəndən sonra haqqınızda nə düşündü?
Trump: Məncə, o, məni bəyəndi, mən də onu. Keçmişdən xəbərim var, bunu yadıma salmaöa ehtiyac yoxdur, o, sərt adamdır. O, sərt olamağa məcbur qalıb. Ancaq biz yaxşı dil tapdıq. O ağıllıdır, xalqını, ölkəsini sevir. Çoxlu yaxşı şeylər istəyir və buna görə də danışıq aparırıq.
Van Susteren: Amma onları aclığa məcbur edir, onlarla qəddar davranıb. Yəni, o, xalqını sevir?
Trump: Baxın, o, indiyədək gördüyünü edib. Ancaq mən həqiqətən də bu gün, dünən, iki həftə öncə olanları nəzərdən keçirməliyəm, çünki hər şey o vaxtdan başlayıb. Yenidən, ritorikasız, sanksiyalarsız... Sanksiyalar çox vacibdir və dəyişikliyin baş verdiyini görənədək sanksiyalar qalacaq. Bunu indidən görürük, amma biz nüvə silahlarının ləğvini görənədək sanksiyalar qüvvədə qalacaq.
Van Susteren: Amerikanın Səsi-ni Şimali Koreya sakinləri də eşidəcək. Şimali Koreya vətəndaşlarına birbaşa nə demək istərdiniz?
Trump: Sizin qayğınıza qalan lideriniz var. O onların yaxşılığını istəyir və biz doğrudan da çox yaxşı dil tapdıq. Aramızda qarşılıqlı anlaşma vardı və mənim anlaşmanı, rəğbəti necə dəyərləndirdiyimi bilirsiniz. Bu, çox vacibdir. Bəzi adamlarla qarşılıqlı rəğbət olmayanda alınmır. Ancaq burada ta başlanğıcdan alındı. Bu barədə danışdıq və məncə, Şimali Koreyanı yaxşı gələcək gözləyir.