ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

ABŞ bayrağı

ABŞ-ın Azərbaycandakı səfirliyi bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edənlərləri təbrik edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində yazılıb.

«Müsəlman amerikalılar ABŞ dövləti təsis olunan ildən etibarən Amerika ailəsinin bir hissəsi olub. Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin, bütün insanlara, bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan bayramınız mübarək!», - səfirliyin təbrikində qeyd edilir.

İyunun 15-də Azərbaycan müsəlmanları Ramazan bayramını qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının təqviminə əsasən, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 14-də isə Ramazan ayı başa çatıb.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara (axşama) qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.