Fransada ifrat sağçı qüvvələrlə əlaqəli qrupun üzvləri saxlanıb.
Onlar müsəlmanlara qarşı hücum planlaşdırmaqda şübhəli bilinirlər.
Saxlananların sayı 10 nəfərdir. Onlar Fransanın müxtəlif yerlərində həbs ediliblər.
Aralarında Paridə yaşayan da var, Korsika adasının sakini də.
Onların potensial hədəfləri radikal imamlar, həbsdən buraxılan islamçılar olub.
Amma polis onların küçələrdə niqablı qadınlara da hücum etmək planı olduğunu da bildirir.
Le Parisien xəbər verir ki, reydlər zamanı bir neçə odlu silah müsadirə edilib.
Bəzi şübhəlilərin hətta qumbara və partlayıcılar hazırladığı deyilir.
Buna da bax: Fransa prezidenti İslamda islahat aparmaq istəyir
Qrup üzvlərinin yaşı 32-69 arasındadır.
Onlar arasında istefaya çıxmış polis əməkdaşının da olduğu bildirilir.
Radikal qrupa məhz onun başçılıq etməsi barədə şübhələr var.
Fransanın daxili işlər naziri Gerard Collomb ölkənin milli təhlükəsizlik orqanlarına bu əməliyyatın uğurla icrasına görə təşəkkürünü bildirib.
İfrat sağçı qruplar öz əməllərinə bəraət qazandırmaq üçün "müsəlmanların Avropanı qəsb etdiyi", "ağ irqin yoxa çıxmaqda olduğu" haqda miflərdən istifadə edirlər.
Onların istifadə etdiyi metodlar radikal islamçıların metodlarından çox fərqlənmir.
Məsələn, maşınları insanların üstünə sürmək, hücum zamanı bıçaqdan istifadə, yaxud kiminsə üstünə yandırıcı maddə atmaq.
Müsəlman olduqları açıq-aydın göründüyü üçün Avropada hicablı, niqablı qadınlar tez-tez hücuma məruz qalır.