Zəvvarların gediş-gəliş vaxtı dəyişdi

Həcc. Məkkə

Azərbaycandan Həcc ziyarətinə gedənlərin gediş-gəliş vaxtlarına dəyişiklik olunub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, Azərbaycandan olan zəvvarlar bu il Həcc ziyarətinə, əvvəllər deyildiyi kimi, avqustun 14, 15, 16-da yox, avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.

Zəvvarlar ziyarətdən sentyabrın 4-də qayıdacaqlar.

İdarənin verdiyi məlumata görə, uçuşları «Azərbaycan Hava Yolları»na (AZAL) məxsus təyyarələr həyata keçirəcək.

Bu il Qurban bayramı avqustun 21-nə təsadüf edir.

Azərbaycandan Həcc ziyarətinə 1440 zəvvarın gedəcəyi gözlənilir. Bu səfər bir zəvvara 4150 dollara başa gəlir.

Yaxın Şərq ölkələrindəki münaqişələrə görə avtobusla ziyarət təhlükəli sayıldığından bu xidmətdən imtina edilib. Azərbaycanda Həcc missiyasının rəhbəri Qafqaz Müsəlmanları İdarəsidir.