Mərhum Çin dissidentinin arvadı Avropaya yola düşüb

Çində Liu Xiaobo-nu anım mərasimi, 2017-ci il

Çinin mərhum siyasi dissidenti Liu Xiaobo-nun arvadı Liu Xia Pekindən Avropaya yola düşüb.

Rəssam və şair olan Liu Xia əri 2010-cu ildə Nobel Sülh Mükafatını qiyabi alandan ev dustaqlığı və dövlət nəzarətində idi.

BBC-nin məlumatına görə, Liu Xia Pekindən Berlinə yola düşmüş təyyarədə olub. Ancaq məlumatda detallar göstərilməyib.

Liu Xiaobo 2017-ci ilin iyulunda Çində ağciyər xərçəngindən dünyasını dəyişib. Ona “dövləti devirməyə təhrik” ittihamıyla 11 il cəza kəsilmişdi. Səbəb isə 2008-ci ildə köklü siyasi islahatlara çağıran petisiyanın həmmüəllifi olması idi. Həmin petisiyanı Çinin 300-dək ziyalısı imzalamışdı.

Beynəlxalq qurumlar dissidentin son günlərini xaricdə, azad şəkildə keçirməsinə şərait yaradılmasına çağırsalar da, Çin bu çağırışları gözardı edib.

Birləşmiş Ştatlar Pekini dissidentin həyat yoldaşının ölkədən çıxmasına icazə verməyə çağırırdı.